COP 29-un qarşıya qoyduğu vəzifələr Pedaqoji Universitetin Quba filialının gənc müəllimləri üçün prioritetdir
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında keçirilən gənc müəllimlərin toplantısında onların fəaliyyətinin vəziyyəti, qarşıda duran vəzifələr, o cümlədə elmi-pedaqoji fəaliyyətlərin ayrı-ayrı istiqamətləri müzakirə olunub.
Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzində 23 noyabr tarixində keçirilən görüşdə çıxış edən ADPU-nun Quba filialının direktoru, dosent, fizika elmləri doktoru, Qabaqcıl təhsil işçisi Yusif Alıyev əminliklə bildirib ki, Pedaqoji Universitetin Quba filialı bundan sonra da qarşıya qoyduğu bütün vəzifələrin öhdəsindən layiqincə gələcəkdir. Bu strateji məqsədli prosesdə gənc müəllimlərə böyük ümid bəslənilir və onların üstünə ağır və şərəfli məsuliyyət düşür. Azərbaycanda hər zaman aparıcı qüvvə olan gənclər pedaqoji sahədə də öz sözlərini demiş və qətiyyətli addımlar atmışlar.
Əvvəlcə Azərbaycanın ev sahibliyi ilə möhtəşəm şəkildə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 barədə müzakirə aparılıb. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xatırladan dosent Yusif Alıyev Azərbaycanın təhsil strategiyası, eyni zamanda COP 29-un prinsipləri əsasında ortaya çıxan “Yaşıl dünyada yaşıl təhsil” anlayışının qarşıya qoyduğu vəzifələrdən danışıb. Direktor bildirib ki, ADPU-nun Quba filialının bütün pedaqoji kollektivi, o cümlədən gənc müəllimlər Bakı-COP 29 sessiyasının qərarlarının dünya birliyinə düzgün çatdırılmasında, qlobal əhəmiyyətli məsələnin təhlilində fəal tərəfə çevrilməlidir.
Sonra Azərbaycan cəmiyyətində avanqard qüvvə olan gənclərin Pedaqoji Universitetin Quba filialında da aparıcı gücə malik olduğunu diqqətə çatdıran direktor gənc müəllimlərin elmi yaradıcılığının real vəziyyəti ilə yaxından tanış olub və tövsiyələrini verib. Elmi yaradıcılıqda geri qalanlara iradlar çatdırılıb.
Quba filialının pedaqoqları – p.ü.f.d. Pərvanə Rzayeva, t. ü.f.d. Təhminə Əliyeva, s.e.f.d. Sabir Hacıyev (Şahtaxtı), Humanitar elmləri fakültəsinin dekanı səlahiyyətlərini m.i.e Mürvət Əliyev, B-müəllimlər- Seyid Cabbarov, Sərxan Cəfərov və başqaları gündəlikdə duran məsələlər ətrafında fikir və mülahizələrini bölüşüblər.
Gənc müəllimlər dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qaldırılan məsələlərin ətrafında maraqlı diskussiya keçirilib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-u əhatə edən müzakirələrdə bu mövzu ətrafında elmi yaradıcılıq imkanları, beynəlxalq indeksli jurnallarda məqalələrin dərc olunması, həmçinin beynəlxalq konfranslarda çıxışlar zamanı COP 29-un qarşıya qoyduğu vəzifələrə toxunulması ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirə olunan məsələlər üzrə aidiyyəti qaydada tapşırıqlar verən ADPU-nun Quba filialının direktoru, dosent Yusif Alıyev beynəlxalq konfranslarda iştirak imkanlarının təhlili, filialda təhsilin ümumi vəziyyətinin yüksəldilməsində gənc müəllimlərin imkanlarından daha səmərəli istifadə edilməsi məsələləri, o cümlədən filialın ev sahibliyi ilə keçirilən tədbirlərdə onların fəallığının təmin olunması və elmi-pedaqoji fəaliyyətlərində dinamikaya nail olmaq üçün tapşırıqlar verib.