ADPU-nun Quba filialında “CareerLAB şəbəkəsi” keçirilib
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən paytaxt və regionda yaşayan gənclər üçün həyata keçirilən “CareerLAB” şəbəkəsi bu dəfə Quba gəncləri üçün təşkil edilib.
Karyerasını pedaqoji sahədə qurmaq istəyən gənclər üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı ilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyi birgə təşkilatçılığı ilə “Gənclər üçün pedaqoji karyera planlaması və müasir çağırışlar” mövzusunda panel müzakirə aparılıb.
Açılış hissədə çıxış edən ADPU-nun Quba filialının direktoru, dosent, fizika elmləri doktoru, Qabaqcıl təhsil işçisi Yusif Alıyev əminliklə bildirib ki, “CareerLAB” şəbəkəsi çərçivəsində müzakirə olunan məsələlər tələbələr üçün cəlbedici olacaqdır. Gənclərin inkişafı mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyinin koordinatoru Eyvaz Xeyrullayev də çıxış edərək forumun işinə uğurlar arzulayıb və bu tipli tədbirlərin gənclərin inkişafına böyük töhfə verəcəyini vurğulayıb.
Moderator qismində ADPU-nun Quba filialının tələbə, məzunlarla iş və karyera şöbəsinin əməkdaşı Fatimə Allahverdiyeva, panelistlər qismində isə ADPU-nun Quba filialının təbiət elmləri fakültəsinin dekanı vəzifəsini müvəqqəti icra edən Nübar Bayramova, Quba Fizika, riyaziyyat və informatika təmayüllü liseyinin direktoru Kamran Əliyev, ADA məktəbinin kimya müəllimi, təhsil blogeri Səkinə Həsənova, ADPU-nun Quba filialının dəqiq və təbiət elmləri kafedrasının müəllimi, informatika müəllimi, təlimçi Nahidə Zulbalayeva iştirak edib.
Görüşdə “İnklüziv təhsilin gələcəyi və perspektivləri”, “İdeal müəllim kimdir?”, “Müasir təhsil idarəçiliyi”, “Yenidən başlama bacarığı”, “Effektiv dərs mühitin formalaşdırılması”, “Müasir təhsil metodları” mövzuları ətrafında fikirlər səsləndirilib. Çıxışların sonunda gənclərin sualları spikerlər tərəfindən cavablandırılıb.
Layihənin məqsədi gənclərin təhsil aldıqları ixtisas barədə məlumatlılığının artırılması, gənclərin karyera planlamasına dəstək göstərilməsi və onların şəbəkələşməsini təmin etməkdir.
Qeyd edək ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və üzv təşkilatları, həmçinin ali təhsil müəssisələrinin karyera mərkəzləri “CareerLAB” şəbəkəsinin tərəfdaşlarıdır.