Pedaqoji Universitetinin Quba filialında keçirilən “Zamanın səmərəli idarə olunması” mövzulu təlimdə gənclərə faydalı tövsiyələr verilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı BDU-nun məzunu, təlimçi, natiq, sosial media meneceri, yazar Fəridə Orucun təqdimatında “Zamanın səmərəli idarə olunması” mövzusunda təlim keçirilib.
Noyabrın 20-də təşkil olunan tədbirə filialın rəhbərliyi, gənc əməkdaşlar və tələbələr qatılıblar.
Tədbiri giriş sözü ilə açan ADPU-nun Quba filialının direktoru, dosent, fizika elmləri doktoru, Qabaqcıl təhsil işçisi Yusif Alıyev diqqətə çatdırıb ki, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Prezidenti İlham Əliyevin imzaladığı 2015-ci il 26 yanvar tarixli, 998 nömrəli Sərəncamından irəli gələn məsələlər ADPU-nun Quba filialında da davamlı şəkildə icra olunur.
Dos. Yusif Alıyev: “ADPU-nun Quba filialı olaraq gənclərimizin şəxsi inkişafı, karyera quruculuğuna dəstək olmaq, onların vətənpərvər gənc kimi yetişməsinə töhfə vermək üçün çalışırıq və gəncləri fəaliyyətlərimizdə iştirak etməyə, mövcud imkanlardan daha səmərəli yararlanmağa dəvət edirik.” deyə fikirlərini davam edib.
Daha sonra təlimin moderatoru Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinova vurğulayıb ki, bu istiqamətdə nəzərdə tutulmuş işlərdən biri də filialda gənclərin peşəkar hazırlığına töhfələr verməkdir. Gənclərin bacarıqlarını inkişaf etdirmək, praktiki təcrübə qazandırmaq və iş dünyasına hazırlıq səviyyələrini artırmaq mühüm istiqamətdir.
BDU-nun məzunu, təlimçi, natiq, sosial media meneceri Fəridə Oruc təqdimatında zamanı düzgün idarə edə bilməməyin əsas səbəblərini, vaxtın idarə edilməsi prosesinə nəzarətə almaqla görüləcək işlərin müəyyən sistemə salınması və stressiz, effektiv və keyfiyyətli iş görmək anlayışları haqqında bilik və təcrübəsini bölüşüb.
Təlim sərbəst sual-cavab, gənclərin mövzu ətrafında fikirlərinin səsləndirilməsi formatında davam edib.
Tədbirin yekununda filial direktoru dosent Yusif Alıyev təlimin işini yüksək dəyərləndirib və “Zamanın səmərəli idarə olunması” mövzusunda keçirdiyi yüksək səviyyəli və faydalı təlimlə iştirakçıların biliklərini zənginləşdirdiyinə, onların şəxsi və peşəkar inkişafına verdiyi dəyərli töhfələrə görə təlimçi Fəridə Orucu Təşəkkürnamə ilə təltif edib.