Pedaqoji Universitetində Quba filialında “Zəfərin təntənəsi!” mövzusunda bayram mərasimi keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 8 Noyabr-Zəfər Günü münasibəti ilə “Zəfərin təntənəsi!” mövzusunda bayram mərasimi təşkil olunub.
Filialın kollektivini növbəti dəfə bir araya gətirən bu mərasimdə Quba rayon ictimaiyyətinin nümayəndələri, o cümlədən şəhid ailələrinin üzvləri, qazilər, yerli təşkilatların rəhbərləri, təhsil ocağının rəhbərliyi, professor müəllim heyəti, tələbələr iştirak ediblər.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Sonra Azərbaycan xalqının xilaskar oğlu ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinovanın moderatorluğu ilə davam edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, fizika elmləri doktoru Yusif Alıyev mərasimin rəsmi açılışındakı çıxışında 44 günlük Vətən müharibəsinin Azərbaycana qazandırdığı tarixi Zəfərin hərbi, siyasi və mənəvi tərəflərindən bəhs edib. Bu tarixi zəfəri xalqımıza bəxş edən şəhid və qazilərimizə, onların ailələrlərinə və doğmalarına sonsuz ehtiramını ifadə edən dosent Yusif Alıyev əminliklə bildirib ki, xalqımız əbədiyyətə qədər qəhrəman övladlarına və onların ailələrinə və doğmalarına olan mənəvi borcunu unutmayacaqdır.
Müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətli qələbəni dünya hərb tarixinə qızıl hərflərlə yazıldığını diqqətə çatdıran direktor Yusif Aslıyev bildirib ki, dövlətimizin başçısının müdrik siyasəti, qətiyyətli qərarları, xalq-dövlət birliyini təmin edən ideoloji əsaslar sayəsində Azərbaycan təkcə müstəqilliyimizin bərpası dövrünə aid deyil, xalqımıza və ölkəmizə qarşı iki yüz illik dövrü əhatə edən işğalçılıq niyyətlərini həm ifşa edib, həm də birdəfəlik aradan qaldırıb. Qazanılmış tarixi Zəfərin qorunması, ölkəmizin inkişafı, xalqımızın rifahı isə Azərbaycan gəncliyinin əlindədir. Gənclərimiz, o cümlədən filialın tələbələri bütün bu həqiqətləri daha dərindən dərk etməli təhsilin və elmin bütün incəliklərini mükəmməl mənimsəyərək dövlətimizin müdafiəsində və inkişafında yaxından iştirak etməlidirlər.
Quba Heydər Əliyev Mərkəzinin direktoru Sevinc Səlimova, Şəhid Ruslan Bayramovun həyat yoldaşı İlahə Bayramova, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin şimal regionu üzrə sədri, Vətən müharibəsi qazisi, ehtiyatda olan xüsusi təyinatlı Ramin Yunusov, Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı və ADPU-nun Quba filialının müəllimi dosent Qələmşah Heybətov çıxışlarında 44 günlük Vətən müharibəsinin milli-dövlətçilik tariximizə bəxş etdiyi siyasi və mənəvi əzəmətdən bəhs ediblər. Çıxışlarda diqqətə çatdırılıb ki, qazanılmış tarixi Zəfərin əzmlə qorunmasında yaxından iştirak etmək hər bir vətəndaşın borcudur. Bu mənada ADPU-nun Quba filialında aparılan islahatlar, təhsilin yüksəlişi naminə həyata keçirilən fundamental tədbirlər Prezident İlham Əliyevin təhsil siyasətinin bütün istiqamətlərini özündə yaşadır. Bu təhsil ocağının peşəkar kadr hazırlığı regionun strateji inkişaf tələbələrinin ödənilməsi baxımından tarixi missiyadır.
Sonra Azərbaycanda milli-dövlətçilik ideologiyasının tərənnümü istiqamətində misilsiz xidmətlərinə, Pedaqoji Universitetinin Quba filialı ilə davamlı və səmərəli əməkdaşlığa görə, Şəhid Samirin Süleymanovun anası Təranə Süleymanova, Şəhid Həmzə Əliyevin anası Gülümnaz Əliyeva, Şəhid Səmural Fətəliyevin atası Ayaz Fətəliyev, Şəhid Ceyhun İsayevin atası Rüstəm İsayev, Şəhid Ruslan Bayramovun həyat yoldaşı İlahə Bayramova, Şəhid Rəvan Əhmədovun bacısı Ramilə Əhmədova, Şəhid Anvar Şıxəliyevin bacısı Rita Şıxəliyeva, Şəhid Mehdi Murtuzovun qardaşı Elmir Murtuzov, Vətən Müharibəsi qaziləri – Rəşid Əhmədov, Ramin Yunusov, Tariyel Ağasıyev, İsmət Əhmədov və Vurğun Qəniyevə Fəxri Fərmanlar təqdim olunub.
Təntənəli mərasim Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbələrinin hazırladıqları zəngin, ədəbi-bədii musiqili proqramla davam edib.