ADPU-nun Quba filialında “Miqdad Abduləlimov: Nur üzlü Şəhidim” adlı tədbirdə şəhid Miqdad Abduləlimovun əziz xatirəsinə misilsiz ehtiram göstərilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında şəhid Miqdad Abduləlimovun şəhadətinin 4-cü ildönümünə həsr olunmuş “Miqdad Abduləlimov-nur üzlü Şəhidim” adlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Miqdad Abduləlimovun qısa və mənalı ömür yolunu əks etdirən vidyo-çarx nümayiş etdirilib.
Sonra filialın tələbələri 44 günlük Vətən müharibəsində canlarını fəda edən qəhrəman Quba şəhidlərinin portretləri ilə səhnəyə çıxıblar.
ADPU-nun Quba filialının direktoru, dosent Yusif Alıyev tədbirin rəsmi açılışındakı çıxışında 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin mühüm məqamlarından bəhs edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun dövlətçilik tariximizə qızıl hərflərlə həkk etdiyi bu qələbənin hüquqi, siyasi və mənəvi istiqamətlərindən danışıb. Şəhid və qazilərimizin cəsarət və qəhrəmanlığını əbədiyyətə qədər xalqımız üçün qürur mənbəyi olduğunu xatırladan direktor qeyd edib ki, qəhrəman igidlərimizin yaratdığı Zəfər salnaməsi bütün türk xalqlarının, Azərbaycanı sevən hər kəsin, ölkəmizə dost və qardaş olan bütün tərəflərin iftixarı və qürurudur.
Aparıcı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinova Vətən müharibəsinin xronikası və “Miqdad Abduləlimov-Nur üzlü Şəhidim” adlı tədbir barədə müfəssəl məlumat verib.
Daha sonra Şəhid Miqdad Abduləlimovun valideynləri Faiq Abduləlimov və Tünzalə Abduləlimova, Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun anası Nərgiz Allahyarova, Quba Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili söbəsinin müdiri Asəf Şirinov, şair Ramiz Qusarçaylı, Miqdad Abduləlimovun təhsil aldığı məktəbin direktoru Habil Bayramlı, iş adamı Cəmil Məhərrəmov, müəllimləri, komandiri və döyüş yoldaşları, ailənin yaxınları çıxışlarlarında cəsur şəhidimizə olan ehtiramlarını ifadə ediblər.
Tədbirin rəsmi hissəsindən sonra ADPU-nun Quba filialının tələbələrinin ifasında müxtəlif bədii kompozisiyalar və qiraətçi tələbələrin ifasında şeirlər dinlənilmişdir.
Tədbir xatirə fotosunun çəkilməsi ilə başa çatmışdır.