14 fevral Beynəlxalq Kitabbağışlama Günü ilə əlaqədar olaraq ADPU-nun Quba filialı “Azərkitab”ın Quba filialı ilə birlikdə tədbir keçirib

16.02.2022
14 fevral Beynəlxalq Kitabbağışlama Günü ilə əlaqədar olaraq ADPU-nun Quba filialı “Azərkitab”ın Quba filialı ilə birlikdə tədbir keçirib

Tədbirdə motivasiya spikeri, görkəmli yazıçı, iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə, yazıçı, Əməkdar jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Varis Yolçuyev, Azərkitabın direktoru Sabir Həsənov, görkəmli şair Ramiz Qusarçaylı, filialın direktoru dosent Yusif Alıyev, professor-müəllim heyəti və tələbə kollektivi iştirak edib.

Tədbiri giriş sözü ilə açan filialın direktoru dos. Y.Alıyev 14 fevral Beynəlxalq Kitab Bağışlama Günü haqqında qısa məlumat verib, belə mötəbər tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, kitablar ən qədim dövrlərdən bəri var olan və həyatımızın hər sahəsində ehtiyac duyduğumuz ənənələri, dəyərləri, bilgiləri yaşadır. Tələbə gəncləri oxumağa, tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı öyrənməyə dəvət edib. AzərKitabın Quba filialında onlar üçün yaradılan şəraitdən, qarşıya qoyulan məqsədlərdən, oxunan kitabların təsirindən, günümüzdə kitab oxumanın əhəmiyyətindən, hətta kitabın, biliyin düşmən üzərində qələbə üçün də vacib əhəmiyyətindən danışıb, müxtəıif dünya şöhrətli yazıçıların əsərlərindən bəzi məqamlarl diqqətə çatdırıb. Xüsusi olaraq gənc nəslin təlim tərbiyəsində, vətəndaşlıq mövqeyinin çatdırılmasında yazıçılarımız Əlibala Məhərrəmzadəyə, Varis Yolçuyevə, Ramiz Qusarçaylıya bu əlamətdar gündə qiymətli zamanlarını gənclərə ayırdıqları üçün də təşəkkür edib. Daha sonra yazıçı Əlibala Məhərrəmzadə, yazıçı Varis Yolçuyev, şair Ramiz Qusarçaylı çıxış edib.

Əlibala Məhərrəmzadənin oxuculara təqdim edilən, yenicə çapdan çıxmış “Kənar adamın söylədikləri”, Varis Yolçuyevin “Qırmızı ləçəklər” kitabları haqqında məlumat veriblər. Qeyd olunub ki, “Kənar adamın söylədikləri” sənədli romanında vaxtilə Qubada ermənilərin törətdikləri soyqırım hadisələri zamanı əhali arasından çıxmış qəhrəman oğulların müqavimətindən, mübarizələrindən bəhs edilir. Həmçinin qeyd edildi ki, “Qırmızı ləçəklər” romanı Xocalı faciəsi qurbanlarından olan Milli Qəhrəman Əlif Hacıyevin həyatını əks etdirən faktlara söykənən bir əsərdir. Əsərdə hələ 70-ci illərdən başlayaraq Qarabağda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri maneələrdən bəhs edilir. Əsər Xocalı soyqırımı hadisələrində baş vermiş erməni vəhşiliklərini gənclərimizə ötürməklə tariximizdəki erməni yalanları, erməni vandalizmi haqqında məlumat verir.

Sonra professor Əlibala Məhərrəmzadə motivasiya spikeri olaraq uğur formulu haqqında bilgilər vermiş və bu mövzu ətrafında tədbir iştirakçıları ilə disskusiya aparmışdır.

Sonra şair Ramiz Qusarçaylı da son illərdə Quba filialında aparılan tədris və tərbiyəvi əhəmiyyətli layihələrin çoxluğundan söz açıb, regionda universitetin fəaliyyətinin əhəmiyyətini diqqətə çatdırıb və tədbir iştirakçılarının xahişi ilə “Qurudub göndərmə bənövşələri” şeirini səsləndirib.

Oxucu, filialın tələbəsi Səma Asəfova çıxış edərək yazıçı Varis Yolçuyev haqqında fikirlərini belə qeyd etdi: “Yazıçı Varis Yolçuyev Azərbaycan nəsrinə yeni üslüb, yeni nəfəs gətirdi desək yanılmarıq. İsmayıl Şıxlı təsadüfi olaraq demir ki, Varis yaradıcılığında yazarlara xas olan 3 əsas cəhət diqqətimi hır zaman çəkir, onun da birincisi dilin səlisliyidir.

Daha sonra Quba filialının tələbəsi Nərmin Orucova çıxış edərək bildirdi ki, bəlkə də oxucuların əksəriyyəti Əlibala Məhərrəmzadəni şəxsən tanımır. Lakin sizin əsərlərinizlə tanış olduqca, mütaliə etdikcə düşüncələr dərinləşir əsərin müəllifi haqqında daha çox məlumat əldə etmək istəyirik. “Çovdar çörəyi” romanı süjet xətti, hadisələrin yetərincə bir-birindən maraqlı olması, təqdim olunan obrazların həm fərdi, həm də ümumi cizgilərin dolğunluqla əks etdirilməsi etibarilə yeni müasir romandır. Biz hər bir zaman oxuduğumuz əsərdən özümüz üçün dəyərli məlumatlar əldə edirik. Hətta bəzən rəngli qələmlə işarələyirik. “Çovdar çörəyi” romanından da olan gözəl və yaddaqalan sitatlar da bölüşülüb: Qəribədir. Bir vaxtlar sürətlə yaxınlaşdığın adamdan, gün gəlir, eyni sürətlə uzaqlaşırsan. Elə bil, bir-birinə çırpılmış iki daşdır. Öncə bir-birlərinə doğru səmt götürürlər. Toqquşandan sonra hərəsi bir səmtə yönəlir. Bu fikirlə sanki həyatımıza daxil olan yanlış insanlar gözümüzün önündə canlanır. Hərdən saatlar gözlərin ən çox təmasda olduqları əşyalara çevrilir. Ya nə isə bir gözlətin olanda, ya da çəkilməz dərdinlə baş-başa qalanda”. Səhifə 137 də belə bir söz yazılıb: “Amma, axı bütün tamlar hissəciklərdən yaranır. Böyük işlərdə ən xırdalıqlar belə əhəmiyyət daşıyır bəzən. Kiçik xoşbəxtliklər necə uzumuzə gülümsəmə bəxş edirsə bütün kiçik ayrıntılar həyatımızda fərq yaradır. Buna görə həyatda diqqətli olmağı bacarmalıyıq. Ya kiçik bir səhv bizi pis edir, ya da kişik bir düz yaxşı. Ona görə həyat ayrıntılarda gizlidir”. Belə bir əsəri yazdığınıza görə sizə təşəkkür edirəm.

Sonra filialın sosial və humanitar məsələlər üzrə direktor müavini Aysel Şeydayeva, tələbələrdən Nərmin Orucova, filialın əməkdaşı, Jurnalistlər Birliyinin üzvü Nəhayət Şirinova yazıçılara müxtəlif səpkili suallar ünvanlayıblar.

Yazıçılar gənclərin onların əsərləri ilə belə yaxından tanış olaraq, təhlil etdikləri üçün də məmnun olduqlarını ifadə ediblər. Qeyd ediblər ki, gəncliyin kitablara, əsərlərə marağının yüksək səviyyədə olması da qürurvericidr.

Sonda oxuculara və tədbir iştirakçlarına müəlliflər tərəfindən imzalı kitablar hədiyyə edilib və xatirə şəkli çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?